Meta, Çin mənşəli süni intellekt startapı Manus-u 2 milyard dollara satın alma planından geri çəkilməyə başlayıb. Şirkət Manus ilə əməliyyat ayrılmasını həyata keçirərək məlumat paylaşımını dayandırıb. Bu addım Pekinin təxminən iki ay əvvəl milli təhlükəsizlik səbəbilə verdiyi aktivlərin ayrılması (divestiture) qərarına uyğun atılan ən konkret addım hesab olunur.
Bloomberg-in məlumatına görə, Meta Manus-un şirkət daxili sistemlərə çıxışını bağlayıb. Nəticədə Meta əməkdaşları artıq Manus-un texnologiyalarından və alətlərindən daxili layihələrdə istifadə edə bilmirlər. Tərəflər tam ayrılma prosesinə doğru irəliləyirlər.
Bununla yanaşı, may ayında yayılan məlumatlara əsasən, Manus-un həmtəsisçiləri şirkəti yenidən Meta-dan geri almaq üçün xarici investorlardan təxminən 1 milyard dollar cəlb etmə imkanlarını müzakirə ediblər. Bu addım gələcəkdə Çin mərkəzli birgə müəssisənin yaradılmasına və şirkətin Honq Konq birjasında listinqinə zəmin yarada bilər. Son aylarda Honq Konq Çin süni intellekt şirkətlərinin IPO-ları üçün əsas mərkəzə çevrilib. MiniMax və Zhipu kimi AI şirkətləri də burada listinq planlarını irəli sürürlər.
Çin süni intellekt sektoru üçün nümunəvi uğurlu çıxış kimi təqdim edilən bu sövdələşmə hazırda dağılmaq üzrədir. Hadisə Pekinin strateji əhəmiyyət daşıyan texnologiyalar üzərində nəzarəti qorumaqda nə qədər qətiyyətli olduğunu bir daha nümayiş etdirir. Şirkətin xaricdə qeydiyyatdan keçməsi belə bu mövqeyi dəyişmir.
Məcburi ayrılma qərarı ilə yanaşı, Çin hakimiyyəti özəl şirkətlərdə çalışan tədqiqatçılar və rəhbərlər üçün xarici səfərlərə əlavə məhdudiyyətlər tətbiq edib. Artıq bir sıra hallarda ölkədən çıxış üçün dövlət qurumlarının təsdiqi tələb olunur.
Eyni zamanda, Çin hökuməti xarici kapital üzərində nəzarəti də gücləndirir. Məlumatlara görə, Moonshot AI, StepFun və ByteDance kimi aparıcı süni intellekt şirkətləri ABŞ investorlarından maliyyə qəbul etməzdən əvvəl hökumətin razılığını almalı olacaqlar.
Meta ilə ayrılma prosesinə baxmayaraq, Manus məhsul inkişafını davam etdirir. Şirkət yaxın vaxtlarda Similarweb və Shopify platformaları ilə yeni inteqrasiyalar təqdim edib.
Manus ilk dəfə agent əsaslı süni intellekt nümayişi ilə geniş diqqət çəkmişdi. Şirkət 2025-ci ilin ortalarında əməkdaşlarının bir hissəsini Sinqapura köçürmüş, daha sonra isə Meta tərəfindən 2 milyard dollara satın alındığını elan etmişdi. Lakin Çin tənzimləyici qurumları bu əməliyyatı texnologiya ixracına nəzarət və xarici investisiya qaydalarının mümkün pozuntuları baxımından araşdırmağa başlamışdılar.
Manus-un investorları arasında yer alan Kaliforniya mərkəzli Benchmark fondu satınalma üzrə ödənişlərini artıq alıb. Tencent, HSG və ZhenFund kimi Asiya investorları isə prosesin ləğvi ilə bağlı addımlarla əməkdaşlıq etməyə hazır olduqlarını bildiriblər.
Manus-un əsas şirkəti olan Butterfly Effect və onun Çin mənşəli olması həm ABŞ-da, həm də Çində diqqət mərkəzinə düşüb. ABŞ senatoru John Cornyn belə bir şirkətə Amerika kapitalının yönləndirilməsinin məqsədəuyğun olub-olmadığını açıq şəkildə sual altına almışdı.
Meta və Manus xəbərin yayımlandığı vaxt şərh sorğularına cavab verməyiblər.






Bir cavab yazın